Toksik Şok Sindromu (TŞS) nədir?

Böyük ehtimalla hardasa Toksik Şok Sindromu haqqında eşitmiş olmalısınız. Bu məqalədən siz həmin xəstəlik haqqında bilməli olduğunuz hər şeyi öyrənəcəksiniz: bu xəstəlik nədir, xəstəliyin yaranma səbəbləri hansılardır, kimlər ona yoluxa bilər, simptomları nələrdir, TŞS nə deməkdir və ona yoluxma risklərini necə aradan qaldırmaq olar.

Səbəbləri və Əsas məlumatlar

TŞS nədir (və ya Toksik Şok Sindromu)?

Toksik Şok Sindromu (və ya qısaca TŞS) nadir baş verən xəstəlikdir, lakin olduqca ciddi və ölümlə nəticələnə bilən xəstəlikdir. Bu xəstəliyə qızılı stafilokokk bakteriyasının yaratdığı zəhər səbəb olur. Bu hal çox nadir hallarda baş verir – TŞS hallarına hətta həkimlər belə öz karyeralarında ən çoxu bir dəfə rast gələ biləcəklərini qeyd edirlər – buna baxmayaraq, xəstəlikdən xəbərdar olmaq vacibdir ki, belə hala rast gəldikdə nə etmək lazım olduğunu biləsiniz. TŞS müəyyən edilə bilən və müalicə oluna bilən xəstəlikdir, lakin simptomlar erkən müəyyən edilməli və müalicə edilməlidir.

Toksik Şok Sindromu ilk dəfə 1978-ci ildə 7 uşağın klinik vəziyyəti üzrə aparılmış tədqiqata əsasən Dr. Ceyms Todd tərəfindən adlandırılmış və təsvir olunmuşdur. Tibbi ədəbiyyatda buna oxşar digər hallara daha əvvəl, hətta şəxsi gigiyena məhsullarının istehsal olunmasından qabaq rast gəlinir. Kişilər, qadınlar və uşaqlar TŞS xəstəliyindən əziyyət çəkə bilər. Toksik şok sindromuna menstruasiya dövlərində əsasən tampon istifadə edən qadınların yoluxması ilə bağlı ilk hallara rast gəlinsə də, hal-hazırda təcrübədə sözügedən halların yarısından daha azı müşahidə olunur. Bu sindrom, həmçinin dəri infeksiyası, yanıqları və əməliyyatdan sonra yarana bilir. Xəstəlik həmçinin uşaqlarda, klimaks sonrası qadınlarda və kişilərdə müşahidə oluna bilər.

TŞS-yə nələr səbəb olur?

TŞS-yə qızılı stafilokokk bakteriyasının yaratdığı zəhər səbəb olur. Bu bakteriyalar bir çox digər bakteriyalar kimi mikro-orqanizmlər sayılır və sağlam insanın bədənində, adətən dərisində, burnunda, qoltuq altlarında, qasıq hissədə və vaginada təbii şəkildə mövcud olur. Əslində, bu bakteriyalar insanların demək olar üçdə birinin bədənində onların sağlamlığına zərər vermədən yaşayır. İnsanların çox azında isə bu orqanizmlərin müəyyən növü TŞS-yə səbəb olan zəhər yaradır. Əksər insanların qan dövranında bu zəhərdən müdafiə edən antikorlar olur.

TŞS-nin tamponlardan istifadə edilməsi ilə necə əlaqəsi var?

TŞS-nin inkişafına fərqli amillər təsir göstərir və onlardan biri də tamponlardan istifadədir. Lakin biz hələ də tampon istifadəsi ilə TŞS-nin yarana bilmə ehtimalı arasında dəqiq bir əlaqənin olub-olmamasından xəbərsizik. Hətta tədqiqatlar göstərir ki, menstrual TŞS-nin tampon istifadəsi nəticəsində yaranması əslində onun hopdurma səviyyəsi ilə bağlıdır: tampon nə qədər çox hopdurucu olarsa, xəstəliyə tutulma riski bir o qədər çox olur və əksinə, hopdurma səviyyəsi nə qədər aşağı olarsa, risk də bir o qədər aşağı olur. Ona görə də, menstrual axın səviyyəsindən asılı olaraq mümkün qədər tələbinizi ödəyəcək ən aşağı hopdurma səviyyəsinə malik tamponlardan istifadə edin.

Bugün tamponların hazırlandığı materialın TŞS-yə səbəb olan toksinlərin yaranmasına gətirib çıxarması haqqında heç bir dəlil yoxdur. Tamponların qızılı stafilokokk bakteriya daşıyıcısı olduğu və ya vagina içərisində bakteriyaların artmasına səbəb olduğu müəyyən olunmayıb.

Oxuduqlarıma görə 100% Pambıqdan hazırlanmış tamponlardan istifadə TŞS riskini azaldır və ya sıfıra endirir. Bu, doğrudur?

Xeyr, bu, doğru deyil. Hal-hazırda bazarda mövcud olan bütün tamponlar, həmçinin 100% pambıqdan hazırlanmış tamponlar da aşağı səviyyədə olsa da, TŞS riski daşıyır. Ən müasir elmi araşdırmalar göstərir ki, süni ipək və pambıqdan hazırlanmış tamponlar eyni dərəcədə TŞS riskinə malikdir. Hansı tamponu istifadə edirsiniz edin, sadəcə TŞS-nin əlamətləri və simptomlarından xəbərdar olun. Tampondan istifadə edən zaman bu simptomlara rast gəlsəniz, istifadəni dayandırın və həkiminizlə danışın.

Oxuduqlarıma əsasən menstrual qabdan istifadə etdikdə TŞS-yə tutulmaq ehtimalı olmur, bəs nə üçün qadınlar sadəcə bundan istifadə etmir?

TŞS-yə menstrual qablar, tamponlar, kontraseptiv diaqramlar və servikal qapaqlar kimi vaginaya yerləşdirilən istənilən məhsulun səbəb ola biləcəyini qadınların bilməsi vacibdir. Bu məhsullardan hər hansı birini istifadə etsəniz, ilk növbədə TŞS-nin əlamətləri və simptomlarından xəbərdar olmalısınız. TŞS simptomlarını müşahidə etdikdə isə həmin məhsuldan istifadəni dayandırmalı və tibbi müayinədən keçməlisiniz.

Simptomlar və TŞS haqqında faktlar

Tamponlardan keçən TŞS xəstəliyinin simptomları hansılardır?

Toksik Şok Sindromunun simptomları qripin əlamətlərinə oxşayır. Tampon istifadəsi zamanı TŞS simptomları müşahidə etsəniz və xəstə hiss etməyə başlasanız, mümkün qədər tez tamponu çıxarın, həkiminizə gedib sizdə TŞS olma ehtimalını bildirin.

TŞS-nin ola biləcəyini sizə müəyyən edən əsas əlamətlər bunlardır:

  • Qəfil temperatur qalxması (adətən 39Cº və ya daha çox)
  • Çaşqınlıq
  • Qıcolma
  • Qusma
  • İshal
  • Başgicəllənmə
  • Aşağı qan təzyiqi
  • Qaraciyər və böyrək çatışmazlığı
  • Günəş yanığına bənzər formada qızarmış dəri
  • Əzələ ağrısı
  • Boğaz ağrısı
  • Ayağa qalxan zaman yıxılmaq və ya yıxılacaqmış kimi hiss etmək
  • Xəstəliyin sonrakı mərhələlərində dəriniz soyula bilər (bu, dəri qızarmasından 1-2 həftə sonra baş verir, xüsusilə ovucda və ayaqların altında müşahidə olunur)

Bu əlamətlərdən hər hansı birinin olması xəstəliyin olmasından xəbər verir. Bu simptomların hamısı sizdə olmasa da, birdən çox əlamət eyni anda baş verə bilər. Menstural TŞS mentruasiya dövründə və ya ondan sonra tez bir zamanda baş verə bilər.

TŞS nadir rastlanan xəstəlik olduğu üçün sağalmadan sonra yarana biləcək uzun müddətli nəticələri haqqında dəqiq məlumat yoxdur. Xəstəlik müyyən edilib düzgün müalicə edildikdə əksər insanlar tam sağalır. Digər ciddi xəstəliklərdə olduğu kimi dəridə, saçda və dırnaqlarda dəyişikliklər ola bilər, lakin bunlar tezliklə normala qayıdır. İnsanların çox azı əzələ zəifliyindən və konsentrasiya ola bilməmək, yaddaş zəifliyi və əhval dəyişikliyi kimi fizioloji problemlərdən əziyyət çəkir. Qadınların hamilə qalmasına xəstəliyin təsir edəcəyi düşünülmür, lakin sizdə bu xəstəlik varsa, həkiminizə bu barədə mütləq bildirin ki, sizə müntəzəm olaraq nəzarət etsin.

TŞS-yə hər kəs tutula bilər?

Təəssüf ki, bəli. Qadınlar, kişilər, uşaqlar – hər kəs TŞS-yə yoluxa bilər. Uşaqlar və yetkinlərin tutulma ehtimalı yaşlı insanlardan daha çoxdur, toksinlərə qarşı bədəni qoruyan antikorların olması yaşdan aslı olaraq dəyişə bilər.

Müəyyən olunan halların təxminən yarısı yanmanın, həşərat dişləməsinin və ya əməliyyatın səbəb olduğu infeksiyalar nəticəsində baş verib. Digər yarısı isə mentruasiya olan qadınlarda rast gəlinib. Xəstəlik menstrual TŞS adlandırılıb və tamponların istifadəsi ilə əlaqədardır.

Toksik Şok Sindromu haqqında mütləq bilməli olduğunuz digər bir məqam da onun keçici olmamasıdır.

TŞS keçicidirmi?

Xeyr. Sizə heç kimdən Toksik Şok Sindromu keçə bilməz.

TŞS-yə bir dəfədən çox tutulmaq mümkündür?

Təəssüf ki, bəli. Hətta əvvəl TŞS-yə yoluxmuş olsanız belə, bu, o demək deyil ki, siz ona yenidən yoluxmayacaqsınız. TŞS yenidən əmələ gələ bilər və əslində bunun əsas səbəblərindən biri xəstənin bədənində kifayət qədər antikorların olmamasıdır. Bir qadın əvvəl TŞS xəstəliyini keçiribsə, tampon istifadə etməzdən əvvəl həkimi ilə məsləhətləşməlidir.

Müalicə üsulları və qarşısının alınması

Toksik Şok Sindromu necə müalicə olunur?

Xəstəlik erkən müəyyən edilərsə, toksik şok sindromu simptomlardan asılı olaraq rehidrasiya, antibiotik və digər uyğun dərmanlarla uğurla müalicə edilir.

TŞS vaxtında müəyyən edilərsə və müvafiq müalicə üsulu tətbiq edilərsə, tam sağalma ehtimalı olduqca yüksəkdir. Əslində, xəstəliyin ölümlə nəticələndiyi hallara çox da rast gəlinməyib.

Qızılı stafilokok bakteriyasının əksər növləri TŞS-yə səbəb olacaq toksinlər yaratmır və yalnız bu bakteriyanın müəyyən növləri xəstəliyi əmələ gətirir. Həmçinin TŞS-nin inkişafında əsas amil olan bu toksinləri yaradan bakteriya növünün bədəndə olması hər zaman kifayət etmir. Əslində, bir çox tədqiqat göstərir ki, bu bakteriyalar toplusuna rast gəlmək ümumi hal olsa da, TŞS-yə səbəb olması nadir baş verir. Bəs TŞS-nin yaranması nədən aslıdır? Əsasən, insan bədənində bu toksinlərə qarşı kifayət qədər antikorun olub-olmamasından. Bütün qadınlarda olmasa da, əksəriyyətinin orqanizmində bu toksinlərə qarşı kifayət qədər antikor olur.

Bu simptomları müşahidə etdikdə nə etməliyəm?

Bu simptomlardan hər hansı birini müşahidə etsəniz və tampondan istifadə edirsinizsə, dərhal onu çıxarıb bez ilə dəyişin. Həkiminizə müraciət edin və tamponlardan istifadə etdiyinizi qeyd edin. Sizdə TŞS olacağı ehtimalından narahatlığınızı bildirin. Bu hala mümkün qədər tez müdaxilə edilməlidir, lazım gələrsə, mümkün qədər erkən vaxtda bu sindromu müalicə etməyə başlayın.

Menstrual TŞS-ya Tutulma Riskini Necə Azalda Bilərəm?

Tamponlardan istifadə edərkən bəzi yaxşı vərdişlərə yiyələnməklə, menustral TŞS-ya yoluxma riskini azalda bilərsiniz:

Hər 4-8 saatdan bir tamponu müntəzəm olaraq dəyişin. Heç vaxt bir tamponu 8 saatdan çox saxlamayın. Menstruasiya axını səviyyəsindən asılı olaraq bacardığınız qədər az hopdurucu tamponlardan istifadə edin. Yeni birini qoymazdan əvvəl öncəki tamponu çıxardığınızdan əmin olun. Menstruasiya dövrünün sonunda sonuncu tamponu çıxardığınıza diqqət edin. Tamponlar yalnız menustrasiya axınını hopdurmaq üçün hazırlanıb. Menstruasiya dövrü başlamamışdan qabaq müdafiə olunmaq məqsədilə və ya menstruasiya axınından başqa digər vajinal axıntıları hopdurması üçün tampondan istifadə etməyin. Menustrasiya dövrü ərzində gündə ən azı bir dəfə, ideal olaraq isə gecə tampon əvəzinə bezdən istifadə etmək yaxşı olar. Bütün gecə boyu tampondan istifadəyə üstünlük verirsinizsə, yatmazdan öncə tamponu dəyişdirin və yuxudan oyanan kimi onu çıxarın. 8 saatdan çox yatacaqsınızsa, heç vaxt tampondan istifadə etməyin.

Tampon istehsalçıları TŞS ilə bağlı məlumatlar təmin edir, eyni zamanda məhsullar üzərində tampondan düzgün istifadə qaydaları ilə bağlı məlumat yerləşdirir. Bu məlumatlar müntəzəm olaraq yenilənir, onları diqqətlə oxumaq və istinad üçün bir yerdə saxlamaq olduqca vacibdir.

Düzgün Hopdurma Səviyyəsi olan Tamponu necə seçə bilərəm?

Tamponlardan istifadə etdikdə menstruasiya axınından asılı olaraq sizə mümkün qədər uyğun ən aşağı səviyyəli hopdurma dərəcəsinə malik tamponu seçin. Menstruasiya ərzində axın səviyyəsi dəyişdiyi üçün, fərqli günlərə görə fərqli hopdurma səviyyəsinə malik tamponlardan istifadə etməniz daha yaxşı olar.

Düzgün hopdurma səviyyəsinə malik tamponun seçilməsi təcrübə ilə öyrənilir, lakin hər 4 saatdan bir tampon dəyişməli olursunuzsa, biz sizə bir bələdçi kimi yüksək hopdurucu səviyyəyə malik bir tampondan istifadə etməyi tövsiyə edirik. Digər tərəfdən, tamponu çıxararkən narahat hiss edirsinizsə və ya lifin bəzi tərəflərinin hələ də ağ qaldığını görürsünüzsə, bu o deməkdir ki, sizin daha az hopdurucu səviyyəyə malik tampona ehtiyacınız var.

Unutmayın: bir tamponu 8 saatdan çox saxlamaq olmaz.

Top